Rizvan Fərəzliyev: "Ümid edirəm ki, qrupu lider kimi başa vurarıq"

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında təmsilçimiz “Araz-Naxçıvan” 6-cı qrupda Uraqan İvano – Frankivsk (Ukrayna), Liqeni (Kosovo) və Yunayted Qalati (Rumıniya) komandaları ilə qarşılaşacaq.

Sportline.az olaraq komandanın kapitanı Rizvan Fərzəliyevlə əlaqə saxladıq. Təcrübəli futzalçımız qrupu belə dəyərləndirdi:

“İlkin mərhələni keçdik. İndi əsas mərhələdə mübarizə aparacağıq. Rəqiblərimiz bəllidir. Rumıniya, Ukrayna və Kosovo klubları ilə qarşılaşacağıq.

Yaxın günlərdə məşqçimiz rəqiblər haqqında bizə məlumat verəcək. Əgər klub ölkədə çempion olursa, deməli, həmin komandanın oyunçuları millidə də uğurlu çıxış edir. Məsələn, bizdə “Araz-Naxçıvan” kimi.

Ukrayna ilə milli səviyyəsində qarşılaşmışıq. Bu ölkənin klubu da kifayət qədər güclü rəqibdir. Rumıniya klubu da peşəkar futzalçılardan ibarət komandadır. Kosovo komandası ilə elə də tanışlığımız yoxdur. Əsas favoritlər Ukrayna, Rumıniya və Azərbaycan komandaları sayılır.

Zəif yerlərimiz var. Onları aradan qaldırmağa çalışırıq. Ümid edirəm ki, həmin mərhələni də qrup lideri kimi başa vurarıq”.

Qeyd edək ki, əsas mərhələnin oyunları 26-31 oktyabr tarixlərində Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə bitirən komanda elit-raundda oynamaq hüququ qazanacaq.