"Kayrat"ın "Qarabağ"la bağlantıları

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək Qazaxıstan "Kayrat"ı oyunla bağlı paylaşım edib.

Sportline.az xəbər verir ki, Almatı təmsilçisi matç üçün 5 maraqlı faktı açıqlayıb.

Hər iki komandanın baş məşqçiləri Kurban Berdıyev və Qurban Qurbanov Rusiya çempionatının I Divizionunda iki dəfə üz-üzə gəlib. 2000/2001 mövsümündə "Fakel"in şərəfini qorumuş Qurbanov Berdıyevin həmin vaxt rəhbərlik etdiyi "Rubin"ə qarşı iki dəfə oynayıb. Hər iki görüşdə türkmənistanlı mütəxəssisin komandası eyni hesabla qalib gəlib - 2:0.

Azərbaycan təmsilçisinin futbolçusu Marko Veşoviç "Kayrat"ın oyunçusu Neboyşa Kosoviçlə birlikdə Monteneqro millisində çıxış edir.

"Köhlən atlar"ın digər legioneri Filip Ozobiç rəqib Dino Mikanoviçlə Xorvatiya "Hayduk"unda komanda yoldaşı olub.

"Qarabağ"ın qapıçılarla işləyən məşqçisi Elxan Həsənov "Neftçi"də çıxış edərkən "Kayrat"a qarşı oynayıb. Sabiq qolkiper SSRİ çempionatında və digər yarışlarda Almatı təmsilçisi ilə 7 görüşdə meydanda olub.

Komandanın hazırkı qapıçısı Emil Balayev isə 2019-cu ildə "Tobol"un heyətində 4 dəfə "Kayrat"la üz-üzə gəlib. İki qarşılaşmada qapısını toxunulmaz saxlayan Balayev digər iki görüşün hərəsində bir top buraxıb.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.