Könüllü olmaq üçün 12 500 namizəd müracət edib
Azərbaycanda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində fəaliyyət göstərən Bakı-2017 Könüllülük Proqramına qeydiyyat başa çatıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SportLine.az saytına verilən xəbərə görə, Bakı-2017 Könüllülük Proqramına qeydiyyatın start verildiyi tarixdən, iki aydan az bir müddətin keçməsinə baxmayaraq, 12 500 namizəd İslam Həmrəliyi Oyunlarında könüllü olaraq fəaliyyət göstərmək üçün müraciət edib. Könüllü olmaq üçün yeganə kriteriya namizədlərin yaşının 2017-ci ilin may aının 1-dək 16 olması idi.
Könüllü olmaq istəyən gənclərlə müsahibələr zamanı onlara əsasən verilən suallar keçmiş könüllülük təcrübələri, maraq dairələri, dil bilikləri, gələcəklə bağlı planları, Həmrəylik Oyunlarından gözləntiləri, komandada işləmək bacarığı və digər istiqamətlərdə olub.
Müsabiqədən keçən könüllülər üçün təlimlər fevral ayından etibarən başlayacaq və aprelin sonu – mayın əvvəlinə kimi davam edəcək. Təlimlər əsasən 3 fərqli sahələrdə olacaq: Ümumi Təlim (Oyunlar və müştəri xidmətləri barədə məlumatlar), Rol təlimi (vəzifə barədə təlim) və Məkan təlimi (könüllünün fəaliyyət göstərəcəyi obyekt barədə təlim) olacaq. Hazırki plana əsasən Rol təlimi və Məkan təlimi bir yerdə həyata keçiriləcək. Hər təlim üçün təxminən 1-2 saat vaxt sərf olunacaq.
Qeyd edək ki, hazırda qeydiyyatdan keçmiş namizədlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən Könüllülər Mərkəzinə dəvət olunaraq müsahibələrdə iştirak edirlər. Müsahibə mərhələsinin sonunda, yalnız 8000 könüllü mötəbər idman tədbirinin bir hissəsi olmaq fürsətini qazanaraq Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək. Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və Oyunlar zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı əldə edərək uğurlu gələcək üçün dəyərli təcrübə sahibi olacaqlar.
Könüllülük Proqramı ilə bağlı son yenilikləri Bakı-2017 Könüllülərinin Facebook səhifəsindən izləmək mümkündür.