"Kopenhagen"i yaxından tanıyaq
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Yarışda Azərbaycanı təmsil edən "Qarabağ"ın bəxtinə Danimarka çempionu - "Kopenhagen" düşüb.
Ağdam təmsilçisi bu rəqiblə uzaq keçmişdə qarşılaşıb. Kuboklar Kubokunun 1998/1999-cu il mövsümündə təsnifat mərhələsində keçirilən oyunlarda danimarkalılar sevinmişdilər:
"Qarabağ" - "Kopenhagen" - 0:4
"Kopenhagen" - "Qarabağ" - 6:0
Təbii ki, iki oyuna qapısında 10 top görən "Qarabağ" keçmişdə qalıb. Bu gün daha inamlı və Avropada tanınan "Qarabağ" var. Ardıcıl üç il Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "köhlən atlar"ın təcrübəsi kifayət qədərdir. Qurban Qurbanovun komandası istənilən rəqiblə oynamağa hazırdır.
İndi isə "Kopenhagen"in son nəticələrinə nəzər salaq. Ötən mövsüm Superliqada 64 xal toplayan paytaxt klubu, ən yaxın rəqibi - "Bröndbü"nü 12 xal qabaqlayıb.
Cari mövsüm Çempionlar Liqasına "Qarabağ" kimi II təsnifat mərhələsindən qoşulan Danimarka çempionunun ilk rəqibi "Jilina" olub. Slovakiyadakı ilk matçda 3:1 hesablı qələbəyə sevinən "Kopenhagen" doğma meydanda, az qalsın, üstünlüyü itirəcəkdi. Rəqibin iki qolundan birinə cavab verən "Kopenhagen" məğlub olsa da, ümumi nəticəyə əsasən mərhələni adlayıb:
Çempionlar Liqası, 2017/2018
II təsnifat mərhələsi
"Jilina" - "Kopenhagen" - 1:3
"Kopenhagen" - "Jilina" - 1:2
Ümumi nəticə: 4:3
III təsnifat mərhələsi də asan keçməyib. Makedoniyanın "Vardar" klubu ilə üz-üzə gələn skandinavlar səfərdə keçirilən ilk görüşdə məğlub olublar. Cavab matçında məğlubiyyətin əvəzini çıxan "Kopenhagen" pley-off mərhələsinə adlayıb:
Çempionlar Liqası, 2017/2018
III təsnifat mərhələsi
"Vardar" - "Kopenhagen" - 1:0
"Kopenhagen" - 4:1
Ümumi nəticə: 4:2
Göründüyü kimi, Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi bütün oyunlarda "Kopenhagen" qapısında qol görüb. "Qarabağ"ın da rəqib qapısına lazımi qədər qol vuracağına və azərbaycanlı futbolsevərlərə qrup mərhələsini hədiyyə edəcəyinə inanırıq.
Uğurlar, "Qarabağ"!