"Legionerlərə üstünlük vermək istəmirəm" - Joze Alesio
“İlk dəqiqələrdən oyuna intensiv başladıq. Fikrimizdən sırf müdafiə olunmaq keçmirdi. Düzdür, oyunçularımızda az da olsa yorğunluq var idi. Ona görə də əvəzetmələri elə edirdik ki, həmin futzalçılar istirahət etmək imkanı qazansınlar. Final oyunu olduğuna görə, maksimum ciddi yanaşırdıq. Çünki bu görüşdə edəcəyin səhvin bərpası yox idi. Məqsədimiz çempion olmaq idi, buna da nail olduq".
Sportline.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Joze Alesio Da Silva Azərbaycan Yüksək Liqasının finalında EKOL-a 9:2 hesabı ilə qalib gələrək ölkə çempionu olduqları oyunla bağlı Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.
"Əlbəttə, istərdik ki, komandalar hamısı bir-birinə qarşı mübarizə aparacaq gücdə olsun. Pandemiya digər sahələr kimi, idmana da çox pis təsir etdi. Tədricən yumşalmalar baş verdi və zallar açıldı. Azarkeşləri bu cür oyunlar zamanı tribunalarda görmək istərdik" - deyə o bildirib.
Joze Alesioa hakimlərin intizama bu qədər ciddi diqqət yetirməsini alqışlayıb: "Amma onlar sarı vərəqələrdən çox rahat istifadə edirlər. Nəticədə cəzalı futzalçıların sayı hər dəfə artır. Aydın məsələdir ki, bu gün EKOL tam heyəti ilə çıxış etsəydi, final matçı daha maraqlı keçərdi. Amma cəzalı olduqlarına görə, 3 oyunçusu meydana çıxmad"ı.
O, yeni mövsümlə bağlı müəyyən planlarının olduğunu deyib: "Bizi yeni mövsümün startında UEFA Çempionlar Liqasının oyunları gözləyir. Heyətimizi gücləndirməliyik. Azı 2 futzalçı komandamıza qoşulmalıdır. Seçim zamanı legionerlərə üstünlük vermək istəmirəm. Çalışacam ki, yerli oyunçuların gücündən istifadə edim. Çünki biz həm də milli komandanı düşünməliyik. Qarşıdan dünya çempionatının seçmə mərhələsinin oyunları gəlir. Amma etiraf edim ki, bu gün seçim imkanımız çox azdır. Beynəlxalq oyunlarda kömək edəcək yerli oyunçu seçimi etmək çətindir. Yenə EKOL, “Neftçi” İK, “Baku Fire” kimi komandalara da baxacağıq. Əgər axtardığımız futzalçıları burada tapmasaq, o zaman əcnəbi oyunçular arasından seçim edəcəyik. İstənilən halda, heyətimizə əl gəzdirməli, ÇL-da yaxşı çıxış etməliyik”.