London qırmızı rəngə büründü

İngiltərə Premyer Liqasının 12-ci turunun mərkəzi matçı London derbisi ilə əlamətdar olub.

Sportline.az xəbər verir ki, "Arsenal" "Tottenhem"lə qarşılaşıb.

“Emireyts” stedyumda keçirilən oyun gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İlk dəqiqələrdə hücuma atılan Mikel Artetanın kollektivi hesabı 36-cı dəqiqədə açıb. Mikel Merinonun mükəmməl ötürməsini Leandro Trossard dəqiq zərbə ilə tamamlayıb. 1-0.

Hissənin sonlarına yaxın “topçular” rəqibi 2-ci dəfə meydanın mərkəzinə dəvət ediblər. Yay transfer pəncərəsi dövründə “Kristal Pelas”dan 70 milyon avro qarşılığında transfer olunan Ebereçi Eze fərqlənməyi bacarıb. İlk hissə “Arsenal”ın 2-0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissənin ilk dəqiqəsində Ebereçi Eze dubl müəllifi olub. 3-0. 55-ci dəqiqədə “mahmızlar” qollardan birinin əvəzini çıxıb. Rişarlison mükəmməl qolla komandasını ümidləndirib.

Lakin Tomas Frankın komandasının bundan artığına gücü çatmayıb. Əvəzində “Arsenal” 76-cı dəqiqədə hesabı 4-1 çatdırıb. Ebereçi Eze het-trikini rəsmləşdirib.

4-1 hesabı ilə qalib gələn “Arsenal” 29 xalla çempionata başçılıq edir. “Tottenhem” 18 xalla 9-cudur.