Maksim Medvedev: "Biz aqressiyaya hazırıq"

"Qarabağ"ın kapitanı Maksim Medvedev Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda Qazaxıstan "Kayrat"ı ilə səfər oyunu öncəsi sports.kz saytına müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir.

- Maksim, “Kayrat”la ilk matç necə keçdi?

- Maraqlı oyun oldu. Komandalar səviyyə baxımından eynidir, belə görüşlərdə ən az səhv edən xal alır. Həmin gün bizim günümüz idi və vacib qələbə qazandıq.

- Bu oyundakı Qazaxıstan klubu haqda nə düşünürsünüz?

- “Kayrat” çox intizamlı görünürdü, komandanın öz fəlsəfəsi və oyun üslubu var. Onlar qol epizodları yaratdı. "Kayrat" nəzarətsiz qaldıqda təhlükəli olur.

- İlk hissədə “Kayrat”ın “Qarabağ”ın müdafiəsinə problem yarada bildiyini deyə bilərik?

- Təkcə ilk hissədə yox,oyun ərzində bizə çətinlik yaratdılar. Ancaq biz onları dayandıra bildik və eyni zamanda öz qol vəziyyətlərimizi yaratdıq.

- Necə düşünürsünüz, ötən şənbə "Neftçi" üzərindəki boyükhesablı qələbə Almatıda sizin komandaya inam verəcək?

- Konfrans Liqasının oyunları ilə çempionat matçları arasında fərq var. Onlar tamam başqa görüşlərdir. Konfrans Liqasından əvvəl baxmırıq ki, qalib gəldik, yoxsa uduzduq. Burada müəyyən hazırlıq olur. Meydanda əlimizdən gələni edir, öz işimizi görməyə çıxırıq.

- Avrokuboklarda nəyəsə ümid etmək üçün “Kayrat”a evdə qalib gəlmək lazımdır. Siz və komanda yoldaşlarınız qarşıdakı matçda ehtimal olunan aqressiv oyuna hazırsınızmı?

- Biz başa düşürük ki, səfərdə oynayırıq və rəqib də tribunadan dəstək alacaq. Amma oyunlarımızı təhlil edəndə görürük ki, ən yaxşı matçları səfərdə keçiririk. Orada daha çox motivasiya alırıq. Biz aqressiyaya və digər hər şeyə hazırıq. Bununla bağlı artıq böyük təcrübəmiz var.

- Sizcə, bu görüş komandanız üçün birinci matçdan daha çətin olacaq, ya yox?

- Görüşün necə keçəcəyini dəqiq deyə bilmərəm. İstəyirəm ki, futbol hər iki komanda üçün möhtəşəm olsun. Şanslar eynidir, ona görə də matçın nəticəsini zaman göstərəcək.

- Sizcə, bu qrupda birinci yer uğrunda “Qarabağ” və “Bazel” yarışacaq? Bu mübarizəyə başqa heç kim daxil olmayacaq?

- Nəticələrin statistikası baxımından hazırda 7 xalı olan "Bazel" və "Qarabağ" ilk 2 pilləni bölüşdürür. Amma riyazi baxımdan hər bir klubun şansı var.

- "Qarabağ" Almatıdakı matçda hansı nəticəyə köklənib?

- Təbii ki, matçı qələbə ilə başa vurmaq bizi qane edəcək. Bunun üçün çox çalışmaq lazımdır.