Maksim Medvedev:"Çox adam məni səhv başa düşmüşdü"
Azərbaycan millisinin kapitanı Maksim Medvedevin səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının oyunundan sonra müsahibəsi
- Kiprdə yeganə topun müəllifi Siz oldunuz. Matçı necə şərh edərdiniz?
- Görüş çox ağır keçdi. Karantindən sonra bəzi futbolçularda fiziki durum tam istənilən səviyyədə deyildi. Oyunlar arasındakı interval isə cəmi 3 gün qoyulub. Üstəlik, yolu da qeyd etmək istərdim. Baş məşqçimiz Canni De Byazi rəqibi yaxşı analiz etdi. Fərqli taktiki sxemlə oynadıq. İlk "11-lik"dəki və oyuna sonradan daxil olan oyunçular da özlərini müsbət tərəfdən göstərməyi bacardılar.
- Bəs Lüksemburqa Bakıda 1:2 hesabı ilə uduzduğunuz oyunda nə çatmadı?
- İlk oyun idi, Futbolçular və taktiki sxem fərqli idi. Oyunumuz istədiyimiz kimi alınmadı. 25-ci dəqiqədə 10 nəfərlə qalmağımız bütün planlarımızı alt-üst etdi. Futboldan anlayışı olan hər kəs gözəl bilir ki, komanda azlıqda qaldıqda necə çətin olur.
- İlk turdakı məğlubiyyətin psixoloji təsirindən çıxmaq çətin olmadı?
- Kiprlə oyununadək psixoloji tərəfdən ən hazırlıqsız oyunçu bəlkə də mən idim (gülür - O.R.). Çünki özüm barədə çoxlu tənqid eşitmişdim. Yaxşı ki, gənc deyiləm, bu kimi situasiyalardan asanlıqla çıxa bilirəm. Lüksemburq məğlubiyyətindən sonra baş məşqçi və komanda ilə oturub danışdıq ki, Kiprlə qarşılaşmada mütləq 3 xal qazanmalıyıq.
- Düşünmürsünüz ki, vurduğunuz qolla həm də tənqidlərə cavab verdiniz?
- Qol vurmuşamsa, bu, o demək deyil ki, kiməsə cavab vermiş oluram. Sadəcə, orada bir balaca anlaşılmazlıq baş verdi. Çox adam məni səhv başa düşdü, lakin ətrafımda olanlar reallığın nə olduğunu bilirlər. Müsahibə verməmişdən öncə soruşdum ki, rusca danışa bilərəm? Çünki mənə rusca danışmaq daha rahatdır. Dedilər ki, azərbaycanca necə bacarırsansa, danış. Müsahibənin ardından soruşdum ki, necə alındı? Sonradan mediada bu sözümün şişirdildiyini gördüm. Barəmdə tənqidi fikirlər səsləndirildi. Amma yenə deyirəm ki, mən o cümləni işlətməklə, başqa pis fikir nəzərdə tutmamışdım. (report)