Mançester şəhəri qırmızı rəngə boyandı

“Mançester Yunayted” derbidə “Mançester Siti”ni məğlub etdi – Kerriklə ilk qələbə.

Sportline.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 22-ci turunda möhtəşəm derbi baş tutub. “Mançester Yunayted” yeni baş məşqçisi Maykl Kerrikin rəhbərliyi altında çıxdığı ilk oyunda “Mançester Siti”ni “Old Trafford” stadionunda 2:0 hesabı ilə məğlub edib.

"Qırmızı Şeytanlar” bu qələbə ilə liqada 3 oyunluq qələbəsizlik seriyasına son qoyub.

Görüşün ilk hissəsində meydan sahibləri iki dəfə fərqlənməyə çox yaxın olub. Oyunun 34-cü dəqiqəsində Diallonun, 41-ci dəqiqəsində isə Bruno Fernandeşin vurduğu qollar VAR yoxlamasından sonra ofsayd səbəbilə ləğv edilib. İlk hissə qolsuz bərabərliklə başa çatıb.

İkinci yarıda isə “Mançester Yunayted” üstünlüyünü real qollara çevirib. 65-ci dəqiqədə Brayan Mbeymo, 76-cı dəqiqədə isə Patrik Dorgu fərqlənərək komandasına qələbə qazandırıb. “Mançester Siti”də start heyətində meydana çıxan Erlinq Haaland 80-ci dəqiqədə əvəzlənib. Qarşılaşmanın əlavə vaxtında, 90+2-ci dəqiqədə Meyson Mauntun qolu da VAR qərarı ilə ləğv olunub.

Bu nəticədən sonra “Mançester Yunayted” xallarının sayını 35-ə yüksəldib. “Mançester Siti” isə 43 xalla kifayətlənib. Turnir cədvəlinin lideri olan “Arsenal” bu tur “Nottingem Forest”i məğlub edərsə, “Siti” ilə xal fərqini 9-a çatdıracaq.

“Mançester Yunayted”də Ruben Amorimin yerinə təyin olunan Maykl Kerrik yeni komandasında ilk qələbəsini məhz derbidə qazanıb.