Mərakeşdə uğurlu start
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan 10 günlük "Tour de Maroc" yarışına uğurla başlayıb. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı turunun ilk mərhələsi yığma komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb.
148,7 km məsafəni hamıdan tez - 3 saat, 31 dəqiqə, 51 saniyəyə başa vuran təmsilçimiz ən yaxın izləyicisini 13 saniyə qabaqlamaqla "solo-finiş" edib. İlk mərhələdəki qalibiyyət Kirili həm də ümumi təsnifatın lideri edib. Bundan başqa, o sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib.
İlk mərhələni 20-likdə başa vuran velosipedçilər arasında "Synergy Baku"nun daha 2 üzvü var - Elçin Əsədov 9-cu, Yosip Rumaç 14-cü olub. Bu gün keçiriləcək 2-ci mərhələdə iştirakçılar 146 km məsafə qət edəcəklər. Qeyd edək ki, Mərakeş Turu komandamız üçün mayın 3-7-də keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığının əsas hissəsini təşkil edir.