Mikayıl Nərimanoğlu: "Qəbələ"nin təklifi çox gözlənilməz oldu"

Azərbaycanın Avropa Liqasında təmsilçiləri olan "Kəpəz"lə "Qəbələ" II təsnifat mərhələsi oyunları üçün növbəti həftə səfərə birgə çıxacaqlar. SportLine-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu barədə "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu iyulun 13-də çarter reysilə yollanacaqlarını bildirib.
 
Əyalət təmsilçilərini aparan təyyarə Avstriyanın paytaxtı Vyanaya enəcək. "Kəpəz" oradan rəqibi "Admira-Vakker"in təmsil etdiyi Möldinq şəhərinə, "Qəbələ" isə MTK-ın qonağı olacaq Macarıstan paytaxtı Budapeştə yollanacaq.
 
Nərimanoğlu səfərin təşkilatçısı olan "Qəbələ" onlara yaratdıqlara bu imkana görə minnətdarlıq edib: "Təklif bizə "Qəbələ"dən gəldi. Bizim üçün çox gözlənilməz, yaxşı təklif oldu. Biz də bunu yüksək qiymətləndiririk və "Qəbələ"yə təşəkkürümüzü bildiririk. İyulun 13-də birgə səfərə çıxacağıq və 14-də oyundan sonra birgə Vətənə dönəcəyik".