Milli komandamız italiyalı baş məşqçiyə tapşırıldı

Covanni Kaprara qadınlardan ibarət voleybol millimizin baş məşqçisi təyin olunub.

Sportline.az xəbər verir ki, 57 yaşlı mütəxəssisin adı Qızıl Avropa Liqası turnirinin sifariş vərəqəsinə daxil edilib. Kaprara, səhhəti ilə əlaqədar istefa verən Faiq Qarayevi əvəzləyib.

İtaliyalı mütəxəssisə, Marsello Çervellin, Famil Ağayev və Emin Abilov kömək edəcək.

Milli komandamızı mayın sonlarında Qızıl Avropa Liqasında mübarizəyə gözləyir. Mayın 26-da Belarusun qonağı olacaq voleybolçularımız, 3 gün sonra Bakıda İspaniya millisini qəbul edəcəklər. İyunun 2-də Finlandiya, iyunun 8-də Belarus komandası ilə doğma arenada qarşılaşacağıq.  İyunun 12-də səfərdə İspaniya, iyunun 15-də isə Finlandiya ilə görüş olacaq.

Qeyd edək ki, komandamızı avqustun əvvəlində Braziliyada keçiriləcək olimpiya lisenziyalı turnir gözləyir. 23 avqust – 8 sentyabr tarixlərində isə milli Avropa çempionatına  qatılacaq. Voleybolçularımız İstanbulda təşkil olunacaq yarışda Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya ilə eyni qrupda mübarizə aparacaqlar.