Milli komandamızın sabiq üzvü "Qalatasaray" fanatlarını tənqid etdi

Avropa Voleybol Konfederasiyası kubokunun İstanbulda keçirilən ilk final matçında yaşanan qalmaqal ciddi müzakirələrə səbəb olub.

SportLine.az xəbər verir ki, “ Azərreyl” və milli komandamızın hazırda Türkiyədə yaşayan sabiq voleybolçusu İnessa Korkmaz “Qalatasaray” – “Dinamo” Krasnodar (3-2)  görüşündəki xoşagəlməz hadisəyə Rusiya mətbuatında aydınlıq gətirib. Qalmaqalın Rusiya təmsilçilərinə birbaşa aidiyyatı olmadığını deyən Korkmaz onların yerli fanatlarla oyunçuların mübahisəsinə “qurban getdiyini” bildirib: “ “Qalatasaray”ın oyunlarında bu cür hadisələr təəssüf ki, adi haldır. Buna görə də onların oyunlarına getməyi sevmirəm. Voleybolçuların və hakimlərin təhqir olunması artıq ənənəyə çevrilib. Bu qalmaqal futbol fanatlarının işidir. Futboldakı aqressivliyi voleybola daşımaqla diqqəti özlərinə çəkməyə çalışırlar. Oyundan sonra komanda üzvlərini tribunalara tərəf səsləsələr də voleybolçular əvvəlcə klub rəhbərliyinin olduğu lojaya üstünlük verdilər. Əsəbləşən fanatlar isə əllərinə keçəni meydançaya tərəf tulladılar ki, bundan qonaqlar da “öz paylarını aldılar”. 

Qeyd edək ki, bununla yanaşı “Qalatasaray”ın gənc baş məşqçisi Ataman Güneyligilin qeyri-etik jestlərindən də narazı qalan rusiyalılar Avropa Voleybol Konfederasiyasının İntizam komitəsinə  şikayət edəcəklərini bildiriblər. Aprelin 2-də isə, Krasnodarda keçiriləcək cavab görüşündə mümkün qalmaqalın qarşısını almaq məqsədi ilə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək.