Milli komandamızın yubiley qolu
Avropa çempionatının son seçmə oyununda Yunanıstan üzərində 4:0 hesablı qələbə futzal üzrə Azərbaycan millisi üçün əlamətdar olub.
Sportline.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komanda indiyədək iştirakçısı olduğu Avropa çempionatının seçmə və final mərhələlərində 178 qol vurub.
Milli cari seçmə mərhələdə isə rəqiblərin qapılarından 22 top keçirib. Bununla da qitə birinciliklərində 200-cu qol vurulub.
Yubiley qolunun müəllifi Yunanıstanla oyunda rəqibi 4-cü dəfə meydanın mərkəzinə dəvət edən Ramiz Çovdarov olub.
Qeyd edək ki, ilk dəfə 1995-ci il oktyabrın 23-də Niderlandda keçirilmiş Avropa çempionatının seçmə mərhələsinin Polşa ilə görüşündə debüt edən və 6:4 hesabı ilə qələbə qazanan komanda indiyədək 57 matçda gücünü sınayıb.
Bu oyunlardan 28-də qələbə qazanan milli 10 matçda heç-heçə edib, 19 qarşılaşmada isə xalsız qalıb. Öz qapısından 175 top buraxan azərbaycanlı futzalçılar rəqib torunu 200 dəfə silkələyib.