Millimiz aparıcı oyunçusunu itirdi
Qadın voleybolçulardan ibarət millinin aparıcı oyunçularından sayılan Polina Rəhimova milli karyerasını bitirmək qərarına gəlib.
Sportline.az xəbər verir ki, Braziliyanın "Sesi Bauru" klubunda çıxış edən voleybolçu, bunu Avropa Voleybol Konfederasiyasının rəsmi saytına açıqlamasında bildirib.
"Tokio olimpiadasından kənarda qaldıq. Növbəti oyun üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq", - o vurğulayıb.
Azərbaycan millisi hazırda Hollandiyanın Apeldorn şəhərində keçirilən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində mübarizə aparır. A qrupunda yer alan komanda Hollandiyaya 0:3, Bolqarıstana isə 1:3 hesabı ilə uduzub. Bununla da komandamızın qrup sonuncusu olacağı dəqiqləşib. Yanvarın 11-də Polşa ilə keçirəcəyi son tur matçının nəticəsindən asılı olmayaraq, Azərbaycan millisi olimpiadaya lisenziya qazana bilməyib.
Qeyd edək ki, Polina Rəhimova Azərbaycan millisinə 2007-ci ildən çağırılmağa başlayıb.