Millimiz bu gün Avstriya ilə həlledici oyuna çıxacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, həlledici qarşılaşmada rəqib Avstriya seçməsi olacaq. Səfər görüşü Bakı vaxtı ilə saat 22:25-də başlayacaq.
Hazırda 9 xalla D qrupunda 2-ci pillədə yer alan milli final mərhələsinə vəsiqə üçün qələbə qazanmalı, ən pis halda 2:3 hesabı ilə uduzmalıdır. Avstriya seçməsi Azərbaycandan 2 xal geri qalır.
Bakıda keçirilən matçda Eldar Yusubovun baş məşqçi olduğu kollektiv bu rəqibi 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, qruplarda birinci və ikinci yeri tutacaq komandalar Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsinə yüksələcək. D qrupundan Sloveniya artıq vəsiqəni təmin edib.