Millimiz Dubaydakı Qran-priyə 6 idmançı ilə yollanır

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) para-atletika millisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Dubai 2021 World Para Athletics” Qran-prisində iştirak edəcək.

Sportline.az "Report"a istinadən xəbər verir ki, fevralın 6-da start götürəcək yarış öncəsi qurumun prezidenti İlqar Rəhimov komanda üzvlərini qəbul edib.

Görüşə MPK-nın baş katibi Kamal Məmmədov da qatılıb.

Rəhimov pandemiya səbəbindən uzun müddət yarışlardan kənarda qalan idmançılara uğurlar arzulayıb. O qeyd edib ki, yarış lisenziya xarakterli olduğundan Qran-pridə yaxşı nəticələr göstərmək olduqca vacibdir.

Komandanın baş məşqçisi, ikiqat paralimpiya çempionu Oleq Panyutin idmançıların yarışlara hazır olduqlarını bildirib.

Para-atletika üzrə Qran-Pridə ölkəmizi 6 idmançı təmsil edəcək.

Qeyd edək ki, 3 para-atlet artıq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.