Millimizin baş məşqçisi 3-cü məğlubiyyətdən danışdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ciovanni Kaprara Avropa Qızıl Liqasındakı 3-cü məğlubiyyətdən danışıb.

Sportline.az xəbər verir ki, o, Finlandiya (1:3) ilə görüşün çətin olduğunu bildirib.

"Hər şeydən əvvəl deyə bilərəm ki, ilk iki hissədə çox pis oynadıq. Əsas da top qəbulunda və hücumda düzgün mövqeləri seçə bilmədik. Amma sonra toparlandıq və yaxşı oynamağa başladıq. IV setdə isə bağışlanmaz səhvlər etdik.

Rəqiblə oynamaq çətin idi, çünki onlar fərqli və sürətli voleybol oynayırlar. Biz iki həftədir toplanmışıq, birgə məşqlər üçün çox vaxtımız olmadı. İnanıram ki, addım-addım daha yaxşı oynayacağıq. Oyunçularımdan razıyam ki, hər top uğrunda mübarizə aparmağa çalışırdılar. Ümid edirəm ki, yaxşı olacaq".