Millimizin baş məşqçisi ölən futbolçumuzun xatirəsi barədə
Xəbər verdiyimiz kimi, qadınlardan ibarət Azərbaycan milli komandasının (U-19) üzvü Nino Qurqenidze uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, futbolçumuzun iştirak etdiyi U-19 komandasının baş məşqçisi Vüqar Əsgərli Bakusport.az saytına Qurqenidze ilə bağlı xatirələrindən danışıb.
"Nino həyatda çox sakit qız idi. Komandada nizam-intizamla bağlı başqa futbolçulara örnək bir futbolçu idi. Allah ona futbolçu istedadı ilə yanaşı, qadın gözəlliyi də bəxş etmişdi. Amma meydanda isə yorulmayan, xarakter göstərən idmançı idi. Nino ilə bağlı yalnız xoş xatirələr qalıb. Yeri həmişə görünəcək.
2018-ci il Avropa çempionatının 1-ci seçmə mərhələsi Türkiyənin Antalya şəhərində keçirilirdi. Nino oradakı hər üç oyunda əsas heyətdə iştirak edib və heç vaxt sağlamlığından şikayət etməyib. Hətta hər ilin başlanğıcında AFFA-nın dəstəyi ilə bütün futbolçular ümumi yoxlanışdan keçirlər. Ninonun nəticələri həmişə yaxşı çıxıb.
Kiprə vurulan qola gəlincə, turnirdə sonuncu oyunumuz idi, əvvəlki iki oyunda məğlub olduğumuza görə bu oyunda qələbə qazanıb turniri yaxşı əhval-ruhiyyədə tərk etmək istəyirdik. Həm də Türkiyədə Kiprə uduzmaq istəmirdik. Oyunun gedişində 1:0 hesabı ilə məğlub duruma düşdük, davamında taktiki dəyişiklik etdik, Ninonu irəli çəkdik və Nino qələbəyə lazım olan qollardan birini vurdu. Heç vaxt komandanı məyus etməzdi. Nə qədər gücü varsa, meydanda qoyardı.
2019-cu ilin yanvar ayında Bakıda təlim-məşq toplanışı var idi və Ninonu da həmin toplanışa dəvət etdik. Ailəsi Ninonun narahat olduğunu dedi və toplanışa qatılmaması üçün xahiş etdi. Sonradan verilən analizlərin cavabı təəssüf ki, yaxşı çıxmadı. Artıq müalicəsi ilə bağlı komandaya qoşula bilmirdi. AFFA-nın köməkliyi ilə həm maddi, həm də mənəvi dəstək olmağa çalışırdıq. Hətta Ninonu Gürcüstanda da ziyarət etmişdik. Allah rəhmət eləsin!"