Mingəçevirdə "Prezident Kuboku 2026" reqatasının rəsmi açılış mərasimi keçiriləcək
Bu gün Mingəçevirdə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının rəsmi açılış mərasimi keçiriləcək.
Sportline.az-ın yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə reqatasının paradı və açılış mərasimi baş tutacaq.
Saat 14:00-dan 15:00-dək təşkil olunacaq parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət edəcəklər.
Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olacaq.
Saat 19:00-dan etibarən "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında rəsmi açılış mərasimi keçiriləcək. Tədbir zəngin bədii proqramla davam edəcək. Tamaşaçılara müxtəlif rəqs və musiqi nömrələri, eləcə də xüsusi şou proqramlar təqdim olunacaq.
Tədbir atəşfəşanlıqla yekunlaşaraq Mingəçevir səmasında bayram abu-havası yaradacaq.
Qeyd edək ki, yarışa ötən gün Ağdərədə - Sərsəng su anbarında start verilib. "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.
Reqataya mayın 1-də yekun vurulacaq.