"Neftçi" və "Keşlə" mükafatlandırıldı

Ötən mövsüm Azərbaycan Premyer Liqasını II və III pillədə başa vuran "Neftçi" və "Keşlə" klubları medallarına qovuşub.

Sportline.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev və qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əvvəlcə "Keşlə"nin bazasında olub.

PFL rəsmiləri bürünc medalları klubun prezidenti Zaur Axundova təqdim ediblər.

Onlar daha sonra isə "Neftçi"nin bazasına yollanaraq gümüş medalları klubun idman direktoru Ceyhun Sultanova və komandanın baş məşqçisi Füzuli Məmmədova veriblər.

Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar mükafatlandırmada heç bir klubun futbolçuları iştirak etməyiblər. Medallar daha sonra klublar tərəfindən oyunçulara paylanacaq.

Qeyd edək ki, PFL daha əvvəl "Azersun Arena"da baş tutan mükafatlandırma mərasimində 2019/2020 mövümünün çempionu "Qarabağ"a kubok və medalları təqdim edib.