Nurlan Novruzov: "Hakim haqsızlıq etdi"

Estoniyada karyerasına davam edən futbolçumuz Nurlan Novruzov yeni komandasında ilk qolunu vurub.

Sportline.az xəbər verir ki, "Trans Narva" klubunda çıxış edən Novruzov "Levadia" ilə oyunda (4:4) fərqlənib.

Bu, Nurlanın Estoniyada ilk qolu olub. O, həmçinin, karyerasında ilk qırmızı vərəqəsini də bu oyunda alıb.

Futbolçumuz təəssüratlarını saytımızla bölüşüb.

"Qələbə üçün çıxmışdıq meydana. Qol vurduğuma görə şadam, amma 39-cu dəqiqədə qırmızı vərəqə almağım heç yaxşı olmadı. Haqsız yerə qırmızı vərəqə verdi hakim. Baş hakim epizoda uzaq idi, amma 4-cü hakim yaxin idi. Baş hakim rəqibə təpiklə zərbə vurduğumu düşündü. Amma videoya baxarkən, yəqin görəcək ki, arxadan rəqib oyunçu məni itələdi və sürətli olduğum üçün ayaqlarım havaya qalxdı, rəqib oyunçu bundan istifadə edərək yalandan üzünü tutub yerə yıxıldı və qışqırmağa başladı.

Əslində, 4-cü hakim epizoda yaxın olduğu üçün qırmızı vərəqənin olmamağını bildirə bilərdi. Karyeramda ilk dəfədir ki, qırmızı vərəqə alıram. Çox pis bir hissdir".