O qapıçı gündəmdən düşmür
“Rostov”un 17 yaşlı qapıçısı Denis Popov ona 10 qol vuran "Soçi" klubunu İnstaqramda izləyici sayına görə keçib.
Sportline.az xəbər verir ki, Rusiya Premyer Liqasının 23-cü turunda “Rostov” “Soçi”yə 1:10 hesabı ilə uduzub. Buna baxmayaraq, Popov 15 dəfə seyv etməklə matçın ən yaxşı oyunçusu olub və çempionatda yeni rekord müəyyənləşdirib.
Qapıçı deyib ki, “Soçi” ilə oyuna qədər onun İnstaqramda cəmi 350 izləyicisi olub. İndi isə bu rəqəm 23,4 minə çatıb. Bu, “Soçi” klubunun izləyici sayından (19,8 min) çoxdur.
Xatırladaq ki, “Soçi” – “Rostov” oyunu böyük səs-küyə səbəb olub. Məsələ burasındadır ki, matça bir neçə gün qalmış “Rostov”un 6 futbolçusunda koronavirus aşkarlanıb və bütün əsas komanda karantinə yerləşdirilib. Amma oyunun təxirə salınması haqda onların istəyinə “Soçi” klubu mənfi cavab verib. Bu isə Rusiyada etiraza səbəb olub.