Olimpiya çempionu Azərbaycanda
Tanınmış veteran velosipedçi, qazaxıstanlı olimpiya çempionu Aleksandr Vinokurov Formula 1 üzrə Azərbaycan qran-prisini izləmək üçün ölkəmizə gəlib.
Sportline.az xəbər verir ki, Azərbaycan Velosiped Federasiyasının (AVF) rəsmiləri və milli yığma komandamızın üzvləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında olimpiya çempionunu qarşılayıblar. Veteran idmançının həyat yoldaşına gül dəstəsi təqdim olunub.
Vinokurov göstərilən diqqətə görə AVF rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanda keçirilən Formula 1 yarışını böyük həyəcanla gözlədiyini qeyd edib: "Ferrari" komandasının pilotu Şarl Leklerə azarkeşlik edirəm. Buraya onu dəstəkləmək üçün gəlmişəm. Mən Monakoda yaşayıram. Orada da Formula 1 yarışı keçirilir. Bilirəm ki, şəhər traslarında Formula 1 yarışını təşkil etmək çox çətindir. Azərbaycan isə bunun öhdəsindən peşəkarlıqla gəlir".
49 yaşlı qonaq ölkəmizdə olmaqdan böyük məmnunluq hissi keçirdiyini, Azərbaycanda qonaqpərvərliklə qarşılandığını vurğulayıb: "Mən ilk dəfə deyil Azərbaycana gəlirəm. Bundan sonra da ölkənizə gələcəyəm. Burada AVF prezidenti ilə görüşmək və Azərbaycanda velosiped idmanının daha da inkişafı istiqamətində birgə əməkdaşlıq barədə müzakirələr aparmaq istəyirəm”.
Olimpiya çempionu AFV rəsmiləri və idmançılarla səmimi söhbət edib, xatirə şəkli çəkdirib.
Xatırladaq ki, Vinokurov 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında şose velosipedinin qrup ötüşməsi növündə gümüş, 2012-ci ildə London Yay Olimpiya Oyunlarında isə həmin növdə qızıl medal qazanıb. O, bir çox mötəbər velosiped yarışlarının qalibi, iki dəfə dünya çempionatının bürünc mükafatının sahibi olub.