Olimpiya mükafatçımız millidən kənarda qaldı
Portuqaliyanın Almada şəhərində keçirilən qran-pridə mübarizə aparan Azərbaycan yığması ciddi itki ilə üzləşib.
Sportline.az xəbər verir ki, turnirin ikinci günündə -81 kq çəki dərəcəsində çıxış etməli olan cüdoçumuz Rüstəm Orucov xəstələndiyinə və yarışdan öncə 38 dərəcədən yuxarı qızdırması olduğuna görə, yığmanın həkiminin qərarına əsasən yarışda iştirak etməyəcək.
Rüstəm Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Bu üzdən qran-prinin ikinci günündə Azərbaycanın altı yox, beş cüdoçusu mübarizə aparacaq.
Vüsal Qələndərzadə (73 kq) ilk mərhələdə Samuel Qassner (Avstriya), eyni çəkidəki Nurlan Osmanov Narkiso Matoş (Mozambik) ilə üz-üzə gələcək.
81 kq çəki dərəcəsində yer alan təmsilçimiz Elcan Hacıyev Hikmətulla Turayev (Özbəkistan) / Semedo Klaudiano (Kabo-Verde) cütünün qalibi ilə tatami üzərinə çıxacaq.
Qadınların mübarizəsində Aytac Qardaşxanlı (63 kq) Ani Obradoviçlə (Serbiya) münasibətləri aydınlaşdıracaq.
Nəhayət, Südabə Ağayeva (70 kq) Maya Koqan (İsrail) - Helen Froner (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, turnirin ilk günündə mübarizə aparan 8 cüdoçumuzdan heç biri medal qazana bilməyib. Qran-pri yanvarın 29-dək davam edəcək.