Orxan Əliyev: "Kikboksçular İslamiadadan yüksək əyarlı medallarla qayıdacaq"
"Bizi qarşıda böyük yarışlar gözləyir. Ölkə çempionatını keçirməkdə məqsəd milli komandanın heyətini müəyyənləşdirmək və V İslam Həmrəyliyi Oyunlarında tam gücümüzlə çıxış etməkdir. İnanıram ki, kikboksçularımız İslamiadadan yüksək əyarlı medallarla qayıdacaq və xalqımızı sevindirəcək".
Sportline.az xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev XXVI Azərbaycan çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu yarış əvvəlkilərdən daha rəqabətli olması ilə fərqlənir: "Bütün çəki dərəcələrində güclü idmançılar qüvvəsini sınayır. Son dünya çempionlarının hər biri Azərbaycan birinciliyində iştirak etməklə yarışa rəng qatırlar. Əsas missiyamız odur ki, güclülər qalib gəlsin və Azərbaycanı layiqincə təmsil etsin".
Pandemiya ilə əlaqədar 2 ildir Azərbaycan çempionatının keçirilmədiyini xatırladan Əliyev bu günü bayram adlandırıb: "İdmançılara uğurlar arzulayıram. Pandemiyaya baxmayaraq, idmançılarımız hər zaman məşqləri davam etdirirdi və fiziki baxımdan yaxşı vəziyyətdə idilər. Buna misal olaraq, onlar ötən il İtaliyada keçirilmiş dünya çempionatında uğurlu çıxış edərək, 3 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. Azərbaycan həmin yarışda komanda hesabında 6-cı yeri tutmaqla böyük nailiyyətə imza atıb".