"Oyundan əvvəl düşünürdük ki, rəqib güclü komandadır"
"Əla nəticə əldə etdik. Buna layiq idik. Oyundan razı qaldım. Komanda üzvlərinin hər birindən razı qaldım". SportLine.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia" ilə oyundan sonra mətbuat konfransında deyib.
- Cütün favoriti kimi görürsünüz?
- Belə məsələlərlə maraqlanmıram. Oyundan əvvəl rəqibin güclü komanda olduğunu düşünürdük. Amma bu gün oyun fərqli alındı və rahat qələbə qazandıq. İndi işimiz növbəti oyuna hazırlaşmaqdır.
- Zenyov bu gün meydanda, sanki, üç nəfərin əvəzinə mübarizə aparırdı...
- Zenyovun oyunundan çox razı qaldım. Yaxşı oynadı. Təkcə, o, yox, komandanın digər üzvləri də əla təsir bağışladılar. Hər birinə ayrılıqda təşəkkürümü bildirirəm.
- Bu gün meydandakı rəqibiniz “Samtredia” idi, yoxsa “Samtragedia”?
- Gəlin, rəqibimizə hörmətlə yanaşaq. Onlar öz çempionatlarında bürünc medal əldə ediblər. Onlara hörmət etməliyik.
- Sizi adətən legioner transferlərinə görə tənqid edirlər. Bu gün legionerlərin meydandakı çıxışına görə, həmin insanlara sözünüz varmı?
- Həmin insanlara uğurlar arzu edirəm. Belə insanlar olmuşdu. O insanları peşəkar olmağa çağırıram. Amma nadir hallarda belə olurdu. Ən çox Antonovu tənqid edirdilər. O, zədədən sonra özünə gəlməkdə çətinlik çəkdi. Bizdə əcnəbi futbolçu çoxdu. Mən komandaya kim lazım olursa, onu heyətə cəlb edirəm. Antonov, Dodo, Pereyra, Zets kimi yaxşı oyunçularımız olub. Hansısa futbolçu bizə təklif ediləndə və mən onun zəif olduğunu görəndə, deyirəm ki, bizə lazım deyil. Ötən il həmin legionerlərlə Avrokubokun qrup mərhələsinə çıxmışıq. İndi isə hələ bir oyun keçirmişik. Kimləri heyətə cəlb etmişik, onlar da ümidləri doğrultdular.
- Cavab oyununda da hücum futbolunu göstərəcəksiniz?
- İkinci hissədə bir qədər geriyə çəkildik. Bu da rəqibin təzyiq yaratması oldu. Onlar da cərimə zərbəsindən gözəl qol vurdular. Rəqib yaxşı nəticə göstərmiş komandadı. Onlara qalib gəlmək üçün çox iş görməlisən. Bu gün də onu etdik.
- “Qəbələ”dən çempionatda heç belə hücum futbolu görmürdük. Bu dəyişiklik nə ilə bağlıdı?
- Deməzdim ki, bu gün asan rəqibə qarşı oynadıq. Yaxşı oynamağımıza səbəb futbolçularımız oldu. Öz stilimizdə oynadıq. Buna görə də oyunçularımıza təşəkkür edirəm.