Pedro Bikalyo: “Sabahkı oyun karyeramın ən önəmli matçıdır”

"Qarabağ"ın futbolçuları sabahkı oyunda istədiklərini həyata keçirəcəklərinə inanırlar.

Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Pedro Bikalyo mətbuat konfransında deyib.

Yarımmüdafiəçi Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bizim üçün önəmli matçdır. Türkiyədə təlim-məşq toplanışımız oldu. İnanıram ki, sabahkı matçda istədiklərimizi həyata keçirə biləcəyik. Əminliklə deyə bilərəm ki, turnirin böyüklüyünü və oyunun vacibliyini nəzərə alsaq, böyük matçdır. Bu, karyeramın ən önəmli oyunudur".

Braziliyalı oyunçu qış transfer dönəmində adının başqa klublarla yanaşı hallanmasına da münasibət bildirib:

"Qətiyyətlə söyləyə bilərəm ki, bu, matça köklənməyimə təsir etməyəcək. Sabahkı oyun karyeramın ən önəmli matçıdır. Tamamilə bu görüşə fokuslanmışıq. Digər məsələlər klub rəhbərliyinin işidir.

Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.