Pərviz Abdullayev: “Erməni ilə döyüşmək istərdim”
Kikboksçumuz Pərviz Abdullayev bu yaxınlarda daha bir mötəbər yarışda Azərbaycanı təmsil edəcək. O, bu idman növündə ən mötəbər turnir - “Glory”də ilk döyüşünə çıxacaq. Onun rəqibi mərakeşli Aziz Kallah olacaq. Dekabrın 4-də Hollandiyanın paytaxtı Amsterdanda keçiriləcək döyüşə maraq da böyükdür. Artıq bütün biletlər satılıb.
Mötəbər yarış ərəfəsində Pərviz SportLine.az saytının suallarını cavablandırıb.
- “Glory” kikboks üzrə ən mötəbər yarış hesab olunur. Sən də ilk dəfə burada çıxış etmək hüququ qazanmısan. Hazırlıqlar necə gedir?
- Bu yarışda iştirak etmək, hər bir kikboksçu kimi, mənim də ən böyük arzum idi. Buna görə də, yüksək səviyyədə hazırlaşıram. Son döyüşümü oktyabrda Rumıniyada keçirmişəm. Demək olar ki, həmin döyüşdən sonra dincəlmədim və “Glory 26” üçün hazırlaşmağa başladım. Mənə təklif olundu ki, hazrılığı xaricdə keçim. Lakin buna ehtiyac duymadım. Mehman Umudov və Füzuli Musayevin rəhbərliyi ilə “Qəbələ” İdman Klubunda hazırlıqlarımı davam etdirirəm. Hazırlığın son mərhələsini isə Hollandiyanın Rotterdam şəhərində - “SuperPro” klubunda Dennis Krauellin rəhbərliyi ilə keçəcəyəm.
- Rəqibindən daha təcrübəlisən. Bu, sənin üçün əlavə üstünlük sayıla bilərmi?
- Ola bilsin, həm yaşda, həm də təcrübədə Aziz Kallahdan üstünəm. Lakin, o, “Glory” kimi mötəbər yarışda çıxış etməyə haqq qazanıbsa, deməli, heç də zəif deyil.
- Hazırlıq müddətində rəqibi analiz etməyə imkanın olub?
- Demək olar, onun bütün döyüşlərini izləmişəm. Gözlənilməz zərbələri var. Həmin zərbələrdən müdafiə oluna bilsəm, yəqin ki, qələbə qazanacağam.
- Yarışda uğurlu çıxış etsən, sənə müqavilə təklif olunacaq...
- Bəli, “Glory”nin şərtlərinə əsasən, onlar bir il müddətinə ilkin müqavilə təklif edirlər. Bu müqaviləyə görə isə il ərzində 3-4 döyüş keçirmək tələb olunur.
- “Glory”nin məşhur simaları var. Onlardan hansını rəqib görmək istərdin?
- Yarışın son qalibi Robin Van Rosmalen eləcə də, italiyanı təmsil edən erməni əsilli Ciorcio Petrosyanla döyüşmək istərdim.