Peter Ankersen: "Qarabağ" yaxşı komandadır"
"Qarabağ" yaxşı komandadır. Əks halda bu mərhələyədək gəlib çıxa bilməzdilər. Amma istənilən halda hər iki oyunda qalib gəlmək gücündə olmalıyıq". Sportline.az xəbər verir ki, bunu Danimarka "Kopenhagen"inin futbolçusu Peter Ankersen Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatmasının nəticəsini "Jydske Vestkysten" nəşrinə dəyərləndirərkən deyib.
27 yaşlı müdafiəçi 3 il öncə Avstriya "Zalsburq"unun heyətində çıxış etdiyi vaxt da "Qarabağ"la üz-üzə gəldiklərini xatırladıb: "Həmin vaxt Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsində qalib gəlmişdik. Səfərdə 1:2 hesabı ilə uduzsaq da, evdə 2:0 hesablı qələbə sayəsində "pley-off"a adlamışdıq. Lakin indi "Qarabağ"ın diqqətimizi yönəltməli olduğumuz bir neçə üstün tərəfi var".
Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" arasındakı ilk oyun 15-16 avqustda Bakıda, cavab görüşü 22-23 avqustda Danimarka paytaxtında olacaq. (report.az)