"Qarabağ" klubunda son durum

Biz heç bir futbolçunu bazada karantinə almamamışıq, virusa yoluxanların hamısı ev şəraitində müalicəsini davam etdirir".

Sportline.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl deyib.

O bildirib ki, baş məşqçi Qurban Qurbanovun sonuncu koronavirus testinin cavabı mənfi olub. Sadəcə, 48 yaşlı mütəxəssis karantin müddətini tamamlamadığı üçün komandanı məşqlərə çıxara bilmir:

"Onun testi neqativdir və hazırda özünü yaxşı hiss edir. 14 günlük müddətin bitməsini gözləyir".

Çəlikəl Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyədə "Makkabi" (Təl-Əviv) ilə matçdan əvvəl koronavirus aşkarlanan Abbas Hüseynovun hələ İstanbulda olduğunu söyləyib: "O da karantin müddəti başa çatandan sonra test verəcək və mənfi olacağı təqdirdə, Bakıya qayıdacaq".

Direktor komandada yeni yoluxma halının aşkarlanmadığını, Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Kevin Medina və Mahir Emrelinin təcrid olunduqlarını vurğulayıb:

"Onların sağlıq durumu ilə bağlı gündəlik məlumat alırıq. Ümid edirik ki, hər keçən gün daha yaxşı xəbərlər alacağıq. Klub olaraq bu məsələlərdə çox diqqətliyik.

Bazada davamlı şəkildə dezinfeksiya tədbirləri görürük. Əvvəlki gediş-gəliş də yoxdur. Çalışırıq aksimum dərəcədə sosial izolyasiyaya riayət edək". (sportinfo.az)