“Qarabağ”dan növbəti etiraz

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi Uroş Matiçin forma yazısına görə “Qarabağ”ı 3 min manat məbləğində cərimələyib. Bundan sonra Ağdam klubu qərarın ləğv olunması üçün qurumun Apellyasiya Arbitraj Tribunalına şikayət edib.

Sportline.az xəbər verir ki, məsələ ilə əlaqədar “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az saytına bildirib ki, klub cərimə qərarını doğru saymır:

“Qərarın ləğvi üçün ciddi əsas ondan ibarətdir ki, qərar “AFFA-nın İntizam Komitəsinin əsasnaməsi: Prosedural Qaydalar”ın müvafiq bəndlərinin tələblərini pozaraq qəbul edilib. Həmin tələblərə görə İntizam Komitəsinin iclaslarında və araşdırmalar zamanı tərəflərin dinlənilmək hüququna hörmət etmək göstərilir. İntizam Komitəsi inzibati prosedur zamanı təxirəsalınmaz məsələlər istisna olmaqla, əlaqəli şəxsi dinlənilmək və öz işini təqdim etmək imkanı verilmədən sanskiya tətbiq edilə bilməz. Qısaca, klubumuzun sələhiyyətli şəxsi onlayn keçirilmiş iclasda iştirak etməyib. Yəni əlaqəli şəxs dinlənilmədən və öz işini təqdim etmək imkanı olmadan bizə cərimə verilib. Qərarın ləğvi üçün digər əsas odur ki, İntizam Komitəsi qərarında sözügedən pozuntunun 19 fevral 2021-ci il tarixində Premyer Liqanın 16-cı turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” oyununda baş verdiyini qeyd edilir. Amma klubumuzun  8 nömrəli oyunçusu Uroş Matiç həmin qarşılaşmada 1 dəqiqə belə meydanda olmayıb.
 

Gündüz Abbaszadə

Burada sual yaranır ki, niyə məhz oynamadığı oyun? Bəli, etiraf edirik ki, daha əvvəlki matçlarda da Matiçin adı Azərbaycan əlifbasının tələblərinə uyğun şəkildə yazılmayıb. Burada dilimizə hörmətsizlikdən söhbət gedə bilməz. “Qarabağ” klubunun Azərbaycanın dəyərlərinə necə hörmət etdiyini hər kəs bilir. Bunu faktlarla sadalasaq, zamanımız yetməz.  İntizam Məcəlləsinin cəza üçün əsas göstərilən müvafiq bəndində Azərbaycan dilinə hörmətlə bağlı bir kəlmə də yoxdur. Orada forma standartlarında futbolçunun adının sifariş ərizəsində olduğu kimi yazılması göstərilir. Sifariş ərizəsində adların yazılışı isə ayrı mövzudur.  Digər tərəfdən, maraqlı olan bilirsiz nədir? “Sumqayıt” – “Qarabağ” protokolunu tərtib edən AFFA nümayəndəsi daha əvvəl iki oyunumzda eyni funksiyanı yerinə yetirib.  Məgər o, həmin oyunlarda Matiçin formasını görməmişdi?  Daha əvvəl oynadığı oyunlarda cəza versəydilər, anlamaq olardı. Sosial şəbəkədə yayılmış şəkilə görə cəza verirlər? Biz də kiminsə cəzalanması üçün “əsas” ola biləcək şəkillər yaya bilərik. Amma ehtiyac duymuruq. Bilirik ki, daha əvvəl də İntizam məcələsinin 69-cu maddəsini (Futbol Forması Standartlarının Pozulması) pozan klublar olub. Özü də bir klub deyil. Onlara xəbərdalıq edildiyi təqdirdə, “Qarabağ”a xəbərdarlıqsız, elə ilk fürsətdəcə 3 min manat cərimə yazılıb. Bu, bir az düşündürücüdür...”