“Qarabağ”ın direktoru "Qalatasaray"la oyundan danışdı

“Qarabağ” klubu Bakıda “Qalatasaray”la yoldaşlıq görüşünün keçirilə biləcəyini təsdiqləyib.

Klubun direktoru Əmrah Çelikel Qol.az saytına açıqlamasında bildirib ki, bu matçın keçirilməsi təşəbbüsü ilə “Türk Hava Yolları” şirkəti çıxış edib.

“Türk Hava Yolları” “Qalatasaray”ın baş sponsorlarından biridir. Oyun THY-nin yaranmasının 25 illiyi ilə əlaqədar keçirilməlidir. Biz matçın martın 28-də keçirilməsinə razılıq vermişik. “Qalatasaray” isə oyunun martın 25-də oynanılmasını istəyir. Amma məsələ burasındadır ki, martın 25-də bizim futbolçulardan bəziləri milli komandamızın təlim-məşq toplanışında olacaq. Toplanış isə martın 27-də başa çatır. Hələlik oyunun yüz faiz keçiriləcəyi ilə bağlı nəsə demək olmur”.

Klub rəsmisi bildirib ki, oyunun baş tutub-tutmayacağı matçın təşkilatçısı qismində çıxış edən “Türk Hava Yolları”ndan asılıdır. “Hazırda danışıqlar davam edir. İstənilən halda, “Qarabağ” klubu olaraq biz “Qalatasaray”la oyuna hazırıq və matçın Bakıda keçirilməsinə də razılıq vermişik. Amma dediyim kimi, hər şey bizdən asılı deyil”.

Banner