"Qarabağ"ın zədəlilərinin son durumu

“Qarabağ”ın braziliyalı müdafiəçisi Mateus Silva üç oyunda meydana çıxa bilməyəcək.

Sportline.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçin “Malmö” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunun oyunundan əvvəl təşkil olunan mətbuat konfransında bildirib.

O, futbolçunun zədədən əziyyət çəkdiyini deyib:

“Mateus Silvanın zədəsi var. Yəqin ki, üç oyunda meydana çıxmayacaq. Yankoviçin durumu isə hələlik tam bilinmir. İnanırıq ki, yaxın vaxtda onun xidmətindən yararlana biləcəyik”.

“Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.