“Qəbələ” Gürcüstan klubuna aman vermədi

Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib. SportLine.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Saburtalo”nun əvəzedici komandası ilə görüşüblər.

Gürcüstan təmsilçisi bu oyunda əsas və U-19 komandalarının üzvlərinin də yer aldığı qarışıq heyətdən istifadə edib.

Görüş Elmar Baxşıyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Gərgin mübarizə şəraitində keçən matçın ilk yarısında Ülvi İsgəndərov hesabı açıb. Matçın ikinci hissəsində isə Ravil Yusifli dubl müəllifi olub.

Qeyd edək ki, “Qəbələ”nin əvəzedici komandası avqustun 2-də keçirdiyi Gürcüstandakı ilk yoxlama oyununda Tiflis “Dinamo”sunun əvəzediciləri ilə qolsuz heç-heçəyə imza atıb.