“Qəbələ”nin məqsədi nədirsə, bizim məqsədimiz o olacaq - Antonetti
“İlk oyundan müəyyən nəticələr çıxarmışıq. Sabah baş tutacaq matçda komandamızın nəyə qadir olduğunu sübuta yetirəcəyik”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri “Lill” klubunun baş məşqçisi Frederik Antonetti deyib.
Fransa təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah “Qəbələ” ilə cavab görüşünə çıxacaq.
Matçdan öncə mətbuat konfransı keçirən Antonetti bunları deyib: “Futbolçularımızın bəziləri ilk oyunda iştirak etmədilər. Lakin sabah onlar meydanda olacaq. “Qəbələ” ilə cavab görüşü ilə bağlı proqnoz verə bilmərəm”.
- Fransada “Qəbələ”dən o cür yaxşı oyun gözləyirdizmi?
- Bəli, gözləyirdik. Çünki “Qəbələ” güclü komandadı. Biz oyundan əvvəl də onların nəyə qadir olduğunu bilirdik. Çünki bu komandanın matçlarını izləmişdik. “Qəbələ”nin məqsədi nədisə, sabah bizim məqsədimiz də elə olacaq.
- Sabah “Lill”in ifasında hücum futbolu görəcəyikmi?
- Bizim öz taktikamız var. Hücum futbolu ola da bilər, olmaya da.
- Ederə əsas heyətdə şans verəcəksizmi?
- Böyük ehtimalla, bəli.
- Portuqaliyalı hücumçuya cavab görüşündə şans verməyiniz “Qəbələ”nin ilk oyunda gözünüzü qorxutması ilə bağlıdı?
- Eder öz mövqeyində oynayır. Onunla 10 aydan çoxdu ki, əməkdaşlıq edirik.
- Sofyan Bufali keçən mövsüm komandanın liderlərindən idi. Onun yoxluğunda “Lill”in taktikası dəyişibmi?
- Təbii ki, onun oyunundan razıyıq. Lakin Bufalinin olmaması komandamıza öz təsirini göstərir.
- Sabah uğura nə mane ola bilər?
- Bizə mane ola biləcək bir şey varsa, o da “Qəbələ” komandasıdı.