“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Qəbələ”nin baş məşqçisi Ceton Bekiri Misli Premyer Liqasının 7-ci turunda “Sumqayıt”a 1:4 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Sportline.az xəbər verir ki, mütəxəssis qarşılaşmadan sonra komandasının müdafiədə ciddi səhvlərə yol verdiyini bildirib:
- Belə oyunlarda erkən qollar buraxdıqdan sonra matça qayıtmaq son dərəcə çətindir. İki qol buraxdıq, amma sonra toparlanaraq hesab arasındakı fərqi azaltdıq. Təəssüf ki, cəmi bir neçə dəqiqə sonra üçüncü qolu buraxdıq. Bu, komandada ciddi psixoloji gərginlik yaradır.
Mən hələ kluba gəlməmişdən əvvəl də “Qəbələ”nin oyunlarını təhlil edirdim. Artıq o vaxt komanda çox lazımsız, “ucuz” qollar buraxırdı. Müdafiədə Premyer Liqada iddialı komandanın yol verməməli olduğu səhvləri edirik. Bununla belə, biz buradayıq ki, yorulmadan çalışaq və bu problemləri kökündən aradan qaldıraq.
– Mövsümün gedişində komandanı qəbul edən baş məşqçilər uğursuz nəticələr zamanı çox vaxt “heyəti mən formalaşdırmamışam” deyərək özlərinə haqq qazandırırlar. Siz bu barədə nə düşünürsünüz?
– Mən bura şikayət etməyə və ya ağlamağa gəlməmişəm. Burada yalnız işləmək üçünəm və keçmişə baxmaq istəmirəm. Sərəncamımızda olan futbolçularla mümkün olan ən yaxşı nəticələri əldə etməyə çalışacağıq.
Kluba, futbolçulara və liqaya böyük hörmətlə yanaşıram. Geriyə yox, irəli baxmaq lazımdır.
Bu gün Xayme Syerra kimi vacib futbolçumuz çatışmırdı. Bundan əlavə, Rafael Utziq və Endri Çekiçinin optimal oyun formasını bərpa etməsinə ehtiyacımız var. Bu futbolçular komandaya tam uyğunlaşanda daha rəqabətədavamlı olacağıq.
Taktiki sxemin dəyişməsi müəyyən uyğunlaşma çətinlikləri yarada bilər. Amma fərdi səhvlər sistemdən deyil, diqqətin itirilməsindən qaynaqlanır.
Bəzən hər oyunda ardıcıl qol buraxmaqdansa, bir matçda çoxlu qol buraxıb bundan lazımi dərsləri çıxarmaq daha yaxşıdır.