Qurban Qurbanov 46 yaşında!
Bu gün Azərbaycan millisi və "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür. SportLine.az xəbər verir ki, mütəxəssis 46 yaşını qeyd edir.
Futbolçu karyerasını 33 yaşında bitirən Qurbanov məşqçi kimi daha çox məşhurlaşıb. Doğma klubu “Neftçi”də başlayan məşqçilik karyerasının ilk ilindəcə komandasına gümüş medal və UEFA Kubokuna vəsiqə qazandıran keçmiş hücumçu uğurlarının davamını “Qarabağ”da qazanıb.
Ağdam klubu ilə ilk titulunu 2009-cu ildə (ölkə kuboku) qazanan mütəxəssis, bununla da bu uğuru, həm futbolçu, həm də baş məşqçi kimi əldə edən ilk şəxs olub. O, 2004-cü ildə "Neftçi"də komandanın kapitanı kimi də bu sevinci yaşayıb.
“Qarabağ”ı ardıcıl üç dəfə - 2014/15, 2015/16, 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsinə yüksəldən Qurban Qurbanov, 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk dəfə komandası ilə Çempionlar Liqasının qrup mərhələsində oynamağa haqq qazanıb.
11 illik məşqçilik karyerası ərzində qazandığı saysız-hesabsız uğurlarla diqqət mərkəzində olub. O, “Neftçi” ilə bir dəfə ölkə çempionatının gümüş medalını, “Qarabağ”la isə 3 dəfə ölkə kubokunu, 4 dəfə ölkə çempionluğunu, 1 dəfə gümüş medalları, 2 dəfə bürünc medalları qazanıb.
Azərbaycan Respublikasının əməkdar məşqçisi Qurban Qurbanova bundan sonrakı həyatında və karyerasında uğurlar arzulayırıq.