Qurban Qurbanov: "Bu gün meydanda sırf nəticəyə oynayan "İnter" gördüm"
"Əvvəlcə bütün futbolsevərləri yeni mövsümün başlanması münasibəti ilə təbrik etmək istərdim. Daha sonra rəqibi qələbə münasibəti ilə təbrik edirəm". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov "İnter"lə görüşdən sonra deyib.
CBC Sport telekanalına açıqlama verən mütəxəssis rəqibin yaxşı təsir bağışladığını və qələbəyə layiq olduğunu bildirib: "Bu gün meydanda sırf nəticəyə oynayan "İnter" gördüm. Belə komandaya qarşı oynamaq çətin idi. Xüsusilə, ilk hissədə oyunu müdafiədən qurdular. Bu da bizə əlavə çətinliklər yaratdı. Baxmayaraq ki, hesabı biz açdıq, qalan vaxtda rəqib oyun tərzini dəyişməyi bacardı və yekunda qələbəni əldə etdi".
Avropa Liqasının pley-off mərhələsi ilə bağlı fikirlərini də bölüşən Qurban Qurbanov: "Çempionatla avrokubok oyunları tam fərqlidir. Hazırda sırf çempionatı düşünürük. Çünki qarşıda "Sumqayıt"la vacib oyunumuz var. Pley-off oyununa hələ vaxt var. Rəqibi analiz etmək və hazırlaşmaq üçün kifayət qədər imkanımız olacaq", - deyə bildirib.