Qurban Qurbanov: “Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçularının "Liverpul"la (İngiltərə) matçda ən yaxşı oyunlarından birini göstərəcəklərinə inanır.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu "köhlən atlar"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Liverpul"a qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında deyib.
Baş məşqçi onları maraqlı qarşılaşmanın gözlədiyini bildirib:
"Əsas mərhələnin son oyununa çıxırıq. Möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında çıxış edəcəyik. "Liverpul"un heyətində olan futbolçular hər zaman qələbəyə köklənirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər".
Q.Qurbanov ümid edir ki, bütün futbolçular sabahkı matça köklənəcəklər:
"Hazırda hər kəs pley-off mərhələsi barədə danışır. Biz özümüzü "Liverpul"la oyuna kökləməliyik. Hər vaxt belə komandalarla matçda, bu cür azarkeşlər qarşısında futbolun dadını hiss edə bilmirsən. İnanıram ki, sabah futbolçularımın fikri başqa qarşılaşmalarda yox, bu matçda olacaq. Hər kəs özünü yaxşı tərəfdən göstərməli, nizamlı çıxış etməlidir".
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.