Qurban Qurbanov: "Əzmkarlıq hesabına qələbə qazandıq"
"Furbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar bizə, ikinci hissədə isə biz onlara çətinliklər yaratdır. Bu gün futbolçularımın daha istəkli olduqlarını gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi".
Sportline.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Qazaxıstanın "Kayrat" klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis görüş ərzində səbrli olduqlarını vurğulayıb: "Futbolçularıma deyirdim ki, öz oyunumuzundan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalı, 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq. Son vaxtlar futbolçulardan məhz əzmkarlığı daha çox tələb edirəm. İnanıram ki, bu olan yerdə nəticə də olacaq. Mən onlara güvənirəm və inanıramsa, nəticə də tələb edirəm. Hər oyunda qalib gəlsək, futbolçularımdan daha çox razı qalacağam"
Qurbanov hər oyunçunun qoluna sevindiyini vurğulayıb: "Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər".
Baş məşqçi rəqiblərin müdafiədən oynamasının onlara çətinlik yaratdığını da dilə gətirib: "Oyunu, adətən, rəqib zonada qurmaq istəyirik. Hər halda, futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xətdəki oyunçulardan çox şey asılıdır".
Bu baxımdan, mütəxəssis zədədən bərpa dövrü keçən müdafiəçi Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib: "İnanıram ki, o, qayıdanda özünü yaxşı tərəfdən göstərəcək. Bədavinin heyətə düşməsində özündən daha çox şey asılı olacaq".
Qurbanov hazırda 7 xalla H qrupuna başçılıq edən "Qarabağ"ın mərhələ adlama şanslarını da dəyərləndirib: "Qarşıdakı 3 oyunda hədəfimiz 9 xaldır. 2 səfər oyunumuz qalıb. Rəqiblər bizimlə görüşlərə həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Ötən tur "Kayrat"ın İsveçrədə "Bazel"ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Qazaxıstan komandası Bakıda daha yaxşı oynadı. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçularımız daha peşəkar olmalıdırlar".