Qurban Qurbanov yeni transferlərdən danışdı

"Qarabağ" yeni transferi Kevin Medina Bakıya gəlib.

Sportline.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

48 yaşlı mütəxəssisin sözlərinə görə, kolumbiyalı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. O, 27 yaşlı oyunçunun bu gün Qəbələdə olacağını bildirib.

Qurbanov Kipr APOEL-inin yarımmüdafiəçisi Uroş Matiçlə isə danışıqların davam etdiyini söyləyib: "Hər şey müsbətə doğru gedir. Transferin alınma ehtimalı daha çoxdur".

Baş məşqçi serbiyalı futbolçunun Bakıya gələ bilməsi üçün Operativ Qərargah və Xarici İşlər Nazirliyinə müraciət edəcəklərini vurğulayıb: "Qarşıdan avrokubok oyunları gəlir. Həmin qurumlar bu işin içindədirlər. İnanıram ki, köməklərini əsirgəməyəcəklər".

Qeyd edək ki, Kevin Medinanın son klubu Portuqaliya "Şaveş"i olub. Uroş Matiç isə APOEL-dən əvvəl "Koşitse" (Slovakiya), "Benfika II" (Portuqaliya), NAK (Niderland), "Şturm" (Avstriya), "Kopenhagen" (Danimarka), və "Austriya" (Avstriya) komandalarında çıxış edib.