Qurban Qurbanovdan qələbə şərhi

“Əvvəlcə futbolçularımız təbrik edirəm. Çox yaxşı komandaya qalib gəldik. Hər iki oyunda meydanda yaxşı mübarizə getdi”.

Sportline.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində səfərdə “Kayrat”a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Qazaxıstan klubuna 2:1 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib: “Dünən də qeyd etmişdim ki, daha yaxşı oynamalıyıq. Qələbə həddindən artıq vacib idi. Hava şəraitinə, meydançın duruma baxmayaraq, futbolçularım çətinliyə dözdü. Biz bu oyunda da müdafiədən oynamadıq. Çalışdıq ki, rəqib üzərində təzyiqi saxlayaq. Bəzi epizodları çıxmaq şərti ilə oyunumuzdan razıyam. Düşünürəm ki, futbolçularım böyük bir zəfər qazandı. “Kayrat”a da uğurlar arzulayıram”.

- Vaxtilə “Tobol”da çıxış etmiş Emil Balayev sizin komandada çıxış edir. Onun ehtiyatda qalması nə ilə bağlıdır?

- Heç bir səbəbi yoxdur. Biz hər iki qapıçıya güvənirik. Sadəcə, Şahruddin meydanda olduğu matçlarda daha yaxşı oynamağa başladı, onunla davam etdik. Amma çempionat oyunlarının çoxunda qapıda Emil Balayev durur. Hər iki qapıçıya güvənirəm. Deməzdim ki, Qazaxıstan çempionatı ilə Azərbaycan çempionatı arasında böyük fərq var. Hər iki qapıçının daim oyun təcrübəsini qoruyub saxlamasına şərait yaradırıq.

- Bu gün Abdullah Zubirin ən yaxşı halda 45 dəqiqə oynayacağı ehtimal edilirdi. Çünki onun zədəli olduğu deyilirdi. Halbuki Zubir 90 dəqiqə meydanda oldu, qol da vurdu Bu, məşqçi hiyləgərliyi idi?

- Heç vaxt yalan danışmamışıq, hiyləgərliklər də etməmişik. Sadəcə, “Neftçi” ilə matçın sonuna 2 dəqiqə qalmış Zubiri meydandan çıxardıq. Hətta əvəzetmələrimiz də bitmişdi. Yalan danışmağı xoşlamırıq. Açıqlama da həmin görüşün sabahı olmuşdu. Həmən fikrimizi bildirə bilməmişdik ki, nə qədər oynaya bilər və ya iştirakı sual atındadır. Buna görə ehtiyatlanırdıq. Bəzən düşünmədiyin zədələr olur. “Neftçi” ilə matçdan sonra Zubirdə kiçik problem var idi. Amma iki gün sonra özünə gəldi. Ola bilər ki, yorğunluqdan irəli gəlirdi. Çox ağır oyun olmuşdu.