Qvardiol “Barselona”ya keçməyə hazırlaşır – Laporta ilə görüş keçirib

Xorvatiya millisinin müdafiəçisi Yosko Qvardiolun karyerasını “Barselona”da davam etdirməyə çox yaxın olduğu iddia olunur.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, futbolçu Dünya çempionatından kənarlaşdırıldıqdan dərhal sonra ABŞ-da “Barselona”nın idman direktoru Deko ilə axşam yeməyində görüşərək mümkün transferi müzakirə edib. Məlumata görə, Qvardiol bu təklifə müsbət yanaşıb və Kataloniya klubuna qoşulmaq istədiyini bildirib.

Daha sonra Avropaya qayıdan xorvatiyalı müdafiəçi tətil üçün İspaniyaya yollanıb. O, “Barselona”nın məşq bazasını ziyarət edib və klub prezidenti Xoan Laporta ilə görüş keçirib. Bildirilir ki, Laporta futbolçunu klubun layihəsi ilə tam razı sala bilib.

Xəbərdə qeyd olunur ki, Qvardiol əvvəllər “Mançester Siti” ilə yeni müqavilə bağlamaq barədə razılığa gəlsə də, “Barselona” ilə keçirilən görüşlərdən sonra qərarını dəyişib. Müdafiəçinin İngiltərə klubu ilə müqaviləni yeniləməyəcəyi və transfer tələbi irəli sürəcəyi gözlənilir.

Bundan əlavə əgər “Mançester Siti” onu satmaqdan imtina etsə, Qvardiol gələn yay azad agent kimi “Barselona”ya qoşulmağa hazır olduğunu da klub rəhbərliyinə çatdırıb.

Hazırda “Barselona” futbolçunun müqaviləsinin bitməsinə bir il qalmasını nəzərə alaraq onu təxminən 40 milyon avro dəyərində qiymətləndirir. Həmçinin Qvardiolun transferin reallaşması üçün “Mançester Siti” rəhbərliyinə təzyiq göstərəcəyi də bildirilir.

Banner