Rafiq Hüseynov Avropa çempionu oldu
Azərbaycan yunan-Roma güləşçisi Rafiq Hüseynov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 82 kq çəki dərəcəsində rəqib bolqarıstanlı Daniel Tixomirov Aleksandrov olub. Görüş azərbaycanlı pəhləvanın qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da Hüseynov karyerasında ikinci dəfə Avropa çempionu olub. O, daha əvvəl 2011-ci ildə 74 kq çəkidə qitə birincisi olub.
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatını 2 qızıl, 4 bürünc medalla başa vurub. Daha əvvəl Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib olublar.
Bu, Azərbaycanın yunan-Roma güləşi tarixində Avropa çempionatlarında medal sayında ən yüksək göstərici olub. Əvvəlki rekord 2011 (1 qızıl, 4 bürünc) və 2018-ci illərdə (1 qızıl, 2 gümüş, 2 bürünc) qeydə alınıb.