Rəşad Sadıqov: "Məşqçi kimi Qurban Qurbanovun yetirməsi olaraq tanınmaq istəyirəm"

Futbolçu karyerasını başa vuran “Qarabağ” və Azərbaycan millisinin keçmiş kapitanı Rəşad Sadıqov “İctimai” kanalda yayımlanan “Bol idman” verilişinin qonağı olub.

Sportline.az xəbər verir ki, o, Qurban Qurbanov barədə danışıb və insanların təcrübəli mütəxəssisi yaxından tanımadığına təəssüfləndiyini bildirib:

“Qurban Qurbanov publika önündə çox danışmır, özünü ifadə etmir. Çox təəssüf edirəm ki, insanlar əsl Qurban Qurbanovu tanımırlar. O, məşqdə, paltardəyişmə otağında hamıya sərbəst hərəkət imkanı yaradır, amma futbolçular dərk edirlər ki, Qurban müəllim bossdur. Mənim kimi çətin adamı 10 il yanında oynatdı. Baş məşqçinin özünü futbolçulara həm insan, həm də məşqçi kimi qəbul etdirməsi çətin məsələdir. Ondan çox şey öyrəndim. Gələcəkdə məşqçi kimi Qurban Qurbanovun yetirməsi olaraq tanınmaq istəyirəm”.