Rəşad Sadıqov mövsümün ən yaxşısını açıqladı

"Qarabağ" klubunun və milli komandanın sabiq kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirib. 

Sportline.az xəbər verir ki, bu barədə "Report"a 38 yaşlı keçmiş müdafiəçinin özü açıqlama verib. Sadıqov "Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kollini fərqləndirib. 

O, iyunun 27-də "Report"un "Instagram" səhifəsində canlı yayımda sualları cavablandırdığı vaxt mövsümün futbolçusunu seçməkdə çətinlik çəkdiyini etiraf etmişdi. 

Sadıqov koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılan 2019/2020 mövsümünün ardından futbolçu karyerasını başa vurub. 

Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi "Report"un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda "Keşlə"də çıxış edən Cavid İmamverdiyev 2017/2018, "Neftçi"nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə yaxın günlərdə aydınlıq gələcək.

Sezar Meza Kolli