Respublika Olimpiya Velosiped Məktəbinin Açıq Birinciliyi keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının vahid idman təqvim planına əsasən, Respublika Velotrekində trek velosipedi üzrə Respublika Olimpiya Velosiped Məktəbinin Açıq Birinciliyi keçirilib. Yarışda klub və cəmiyyətlərin 200-ə yaxın velosipedçisi iştirak edib.

SportLine.az xəbər verir ki, idmançılar əvvəlcə fərdi ötüşmə yarışında mübarizə aparıblar. 2004-2006-cı il təvəllüdlü qızlar arasında 7 saylı Olimpiya Məktəbinin üzvü Gülşən İsmayılova 1 km məsafəyə yarışda fəxri kürsün ən yüksək pilləsinə qalxıb. 2002-2003-cü il təvəllüdlü qızların 2 km məsafəyə mübarizəsi Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Elfanə Camalovanın qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Ayan Xankişiyeva 2000-2001-ci il təvəllüdlü qızlar arasında 2 km məsafəyə yarışda ən yüksək nəticə göstərib.

Oğlanlar arasında 2 km məsafəyə fərdi ötüşmədə 2004-2006-cı il təvəllüdlülər arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Kamran Mirzəxanov 1–ci yeri tutub. 2002-2003-cü il doğumlu idmançıların eyni məsafəyə yarışında 7 saylı Olimpiya Məktəbini təmsil edən Əmral Əbdüləzizli, gənclər arasında isə Respublika Olimpiya Velosiped Məktəbindən Qadir Mustafayev hamını qabaqlayıb.

Skretç yarışlarına gəlincə, bütün kateqoriyalarda Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri çempionluq sevinci yaşayıb. 2002-2003-cü il təvəllüdlü qızların 5 km məsafəyə mübarizəsində Elfanə Camalova, 2000-2001-ci il doğumu qızlar arasında 6,5 km məsafəyə yarışda Ayan Xankişiyeva hamıdan güclü olub. 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında Kamran Mirzəxanov 5 km məsafəni hamıdan tez qət edib. Nikita Sitov 2002-2003-cü il doğumlu velosipedçilər arasında 6,5 km-ə yarışda, Nəcəf Bağırov isə gənclər arasında 10 km məsafəyə mübarizədə 1-ci yeri tutub.

Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. Mükafatlandırma mərasimində Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının sədri Əkbər Qoşalı da iştirak edib.

Azərbaycan Velosiped İdmanı Federasiyası