Rəsul Çunayev: "Mənim üçün hər bir medal dəyərlidir"

"İranlı rəqibimlə görüşdə son saniyələrdə səhvim nəticəsində məğlub oldum. Bu oyunlara ən yüksək səviyyədə hazırlaşsam da, bəxt də öz sözünü deyir".

SportLine.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kiloqram) sözləyib.

O bildirib ki,  Gerayi Məhəmmədəli (İran) ilə qarşılaşmada 5:0 hesabı ilə öndə olsa da, sonda səhvi ucbatından 6 xal qazanan rəqib qarşılaşmanı qalib başa vurub: “Buna baxmayaraq, bürünc medal qazandım. Düzdür istərdim ki, qızıl medal əldə edim. Amma mənim üçün hər bir medal dəyərlidir. Qarşıdan isə dünya çempionatı gəlir. İndi çalışıb səhvlərim üzərində işləyəcəm ki, onları təkrarlamayım”.

Qeyd edək ki, 71 kiloqram çəki dərəcəsində yarışda üçüncü yer uğrunda görüşdə R.Çunayev  İlker Sönmez (Türkiyə) ilə üz-üzə gəlib. Qarşılaşmanın birinci hissəsində gözəl fənd sayəsində hakimlərdən 4 xal almağı bacaran Azərbaycan idmançı hesabdakı üstünlüyü oyunun sonunadək qoruyub saxlayıb. Yekun hesabda 4:1 hesabı ilə qalib gələn güləşçimiz yarışın bürünc medalına sahib olub.