"Sabah"da yeni təyinatlar

“Sabah” futbol klubunda yeni təyinatlar gerçəkləşib.

Sportline.az xəbər verir ki, Ramin Quliyev klubun idman direktoru vəzifəsinə təyin edilib. Futbolçu karyerası ərzində “Bakı”, “Olimpik”, “Standart”, “Şəfa”, “Neftçi” və “Qəbələ” komandalarında çıxış etmiş Quliyev Azərbaycan millisinin də üzvü olub. O, ötən ilin oktyabrından “Sabah”da məşqçi kimi çalışırdı.

Ukraynalı məşqçi Qleb Platov baş məşqçinin köməkçisi, ispaniyalı mütəxəssis Xesus Pinedo isə fiziki hazırlıq üzrə məşqçi təyin olunub.

Platov karyerası ərzində “Dinamo”nun (Kiyev, Ukrayna) gənclərdən ibarət komandasında, Qətərin U-23 milli komandasında və “Aspire Akademiyası”nda məşqçi kimi çalışıb.

Məşqçilik karyerasına İspaniya “Atletik”inin akademiyasında başlamış Pinedo isə daha əvvəl Qətərin “Aspire Akademiyası”nda, həmçinin “Sestao River” (İspaniya), “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), “Dinamo” (Kiyev, Ukrayna), “Pafos” (Kipr) klublarında və Qətərin əsas və olimpiya yığmalarında fəaliyyət göstərib.